Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar
05 yanvar 2023 | 16:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Səbail rayonu, S.Vəlixanlı küçəsi 3 ünvanında yerləşən Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.
Uşaq-Gənclər İnkişaf Mərkəzi 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.