Səbail rayonunda 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
Səbail rayonunda 2023-cü ilin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın şöbə müdirləri və RİHBA-nın əməkdaşları iştirak etmişlər.
Müşavirə zamanı 2023 cü il - “Heydər Əliyev İli” ərzində Səbail rayonunda Rayon İcra Hakimiyyəti tərəfindən təstiq olunmuş Tədbirlər planının icrasının uğurla həyata keçirildiyini bildirən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov keçirilən tədbirlərdə əsasən Heydər Əliyevin siyasi irsinin geniş şəkildə təbliğ olunduğunu, Ulu Öndərin Azərbaycanın inkişafında göstərdiyi müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin izlərini hər bir azərbaycanlı tərəfindən daha yaxından öyrənildiyini qeyd etmişdir. RİH başçısı vurğulamışdır ki, bu gün biz bu izlərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdə aydın göründüyünü, eyni zamanda, bu izlər dahi şəxsiyyətin layiqli siyasi varisi Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bölgədə yeni geosiyasi reallıqlar yaradan Azərbaycanın yazmaqda davam etdiyi şanlı tarixinin bütün müasir səhifələrində də öz təsdiqini tapdığını diqqətə çatdırmışdır.
Müşavirə zamanı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi vurğulanaraq “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinə uyğun olaraq rayon ərazisində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində layihələrin icra olunması barədə müzakirələr aparılmışdır.
Bununla yanaşı, növbəti ildə infrastruktur layihələrinin icra olunması, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, qanunsuz tikinti işlərinin qarşısının alınması, vətəndaşların mənafeyinin qorunması, dövlət qulluqçularının məsuliyyətinin artırılması, sakinlərlə keçirilən səyyar görüşlər zamanı qaldırılan məsələlərin operativ həll olunması və vətəndaş müraciətlərinin vaxtında cavablandırılması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.