Şriftin ölçüsü :

Saytın rəngi :

İlkin Əhədzadənin şəhid olmasının ildönümü ilə əlaqədar II Fəxri Xiyabandakı məzarı ziyarət olundu

03 oktyabr 2023 | 12:37

Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin mayoru Əhədzadə İlkin Qələmşah oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən üç il keçir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkili Nigar Arpadarai, RİH başçısının müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən mayor Əhədzadə İlkin Qələmşah oğlunun II Fəxri Xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.

Şəhidin məzarı önündə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həll olunması, hər cür qayğı ilə əhatə olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ciddi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini bildirmişdir.

Şəhidin ailə üzvləri şəhid ailələrinin, qazilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini, aparılan islahatlara görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, şəhid mayor Əhəhzadə İlkin Qələmşah oğlu 26 iyun 1985-ci ildə Səbail rayonunda doğulmuş, 1992-2000-ci illər ərzində 51 saylı tam orta məktəbdə, 2000-2003-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil almışdır. İlkin Əhədzadə nümunəvi xidmətinə görə bir çox medallarla, o cümlədən III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Vətən müharibəsi zamanı 35 yaşında döyüşlərə qatılan şəhid ailəli və 3 övlad atası idi. Müharibənin ilk günlərindən döyüşə atılan Əhəhzadə İlkin Qələmşah oğlu Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə oktyabrın 1-də şəhidlik zirvəsinə ucalmışdır. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər