Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər günü ilə əlaqədar Səbail şəhidlərinin xatirəsinə həsr edilən “İnam” sənədli filminin təqdimatı keçirilib

09 noyabr 2022 | 10:31

8 noyabr Zəfər Günü ilə əlaqədar Müzəffər Azərbaycan Ordusu sıralarında şücaət göstərmiş, xalqımıza tarixi qələbəni yaşadan qəhrəmanlarımız - Səbail rayonunun şəhid oğullarının xatirəsinə həsr edilən, Səbail Rayon İcra Hakimiyyəti və millət vəkili Nigar Arpadarainin dəstəyi ilə rayon könüllüləri tərəfindən hazırlanmış “İnam” sənədli filminin təqdimatı keçirilib. Nizami Kino Mərkəzində baş tutmuş tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, millət vəkilləri Nigar Arpadarai və Könül Nurullayeva, RİH başçısının müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açaraq, qəhrəmanlarımızın yazdıqları Zəfər tarixinin əbədiləşdirilməsində və gələcək nəsillərə ötürülməsində bu kimi sənədli filmlərin vacibliyini vurğulamışdır.

Daha sonra çıxış edən millət vəkili Nigar Arpadarai “İnam” sənədli filminin Səbail şəhidlərinin timsalında bütün qəhrəman oğullarımıza və onların ailələrinə, doğmalarına həsr olunduğunu bildirərək zəfər tarixini canı, qanı bahasına tarixə həkk edən şəhid qardaşlarımızın doğmalarının, qazilərimizin yanında olmaq dövlətimizin ən ümdə vəzifəsi, hər birimizin vətəndaş borcu olduğunu qeyd etmişdir.

Mərasim zamanı şəhidlərin ailə üzvləri və qazilər çıxış edərək şəhid ailələrinə və müharibə iştirakçılarına hər zaman göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Tədbir “İnam” sənədli filminin nümayişi ilə davam etdirilmişdir.

Keçidlər