Səbaildə “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilmişdir
Səbaildə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar 18 may - 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində M.Rahim adına 7 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirilmişdir. Tədbirdə Səbail RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Hüquq şöbəsinin müdiri Nərmin Abuzərli, məktəbin müəllim və şagird heyəti iştirak etmişlər.
Tədbirdə çıxış edən RİHBA-nın Hüquq şöbəsinin müdiri Nərmin Abuzərli bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasını səciyyələndirən mühüm cəhətlərdən biri insan və vətəndaş hüquqlarının təsbit olunması və bu hüquqları tanımaq, müdafiə və təmin etməyin isə dövlətin əsas məqsədi olduğunun elan edilməsidir. Konstitusiyanın qəbulundan sonra ölkədə həyata keçirilən çoxşaxəli islahatlar da məhz insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təminatına yönəlmişdir.
Daha sonra çıxış edən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva Səbail rayonunda ümumi təhsil məktəb şagirdləri arasında hüquqi biliklərin təbliği və onların məlumatlandırılmasının prioritet məsələlərdən biri olduğunu qeyd etmiş, şagirdlərə öz hüquqlarını tanımasının əhəmiyyətindən ətraflı danışmışdır.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.






