İsmayıl Hüseynovun Vətən müharibəsində şəhid olmasının ildönümü münasibətilə məzarı ziyarət olundu
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Hüseynov İsmayıl Şahvələd oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan İsmayıl Hüseynov oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Oktyabrın 10-da Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Hüseynov İsmayıl Şahvələd oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuşdur.
Səbail RİH başçısının müavini Eldar Ağayev Vətən Müharibəsi şəhidi İsmayıl Hüseynovun məzarı önündə çıxış edərək ölkəmizdə şəhidlərə və qazilərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıdan danışmış, şəhidlərimizin əziz xatirələrinin hər birimiz üçün müqəddəs olduğunu bildirərək qeyd etmişdir ki: “44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi və 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad edildi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə və qəhrəman hərbçilərimizə borcluyuq”.
Şəhidin anası Sona Hüseynova şəhid ailələrinin, qazilərimizin Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini, aparılan islahatlar və yüksək işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmişdir.