Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Elçin Quliyevlə vida mərasimi keçirilib

30 oktyabr 2025 | 16:10

Azərbaycan xalqının şanlı qələbə qazandığı Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimiz böyük quruculuq və bərpa dövrünü yaşayır. Həyata keçirilən yenidənqurma və abadlıq işləri zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan hərbçilərinin nəşləri aşkarlanır.

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan Azərbaycan Ordusunun zabiti Quliyev Elçin Balaxan oğlunun nəşi bu gün ailəsinə təhvil verilib və vida mərasimi keçirilib. Vida mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİHB-nın müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, bələdiyyə sədrləri, ərazi icra nümayəndələri, QMİ-nin Qazilər Şurasının üzvü, İçərişəhər Cümə məscidi dini icmasının sədri Hacı Surxay Məmmədli, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyev, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim zamanı cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən qəbirstanlıqda yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Qeyd edək ki, şəhid 15.10.1965-ci il təvəllüdlü Quliyev Elçin Balaxan oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1991-ci ildə cəbhə xəttinə yola düşmüş, Xocalı şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və 26 fevral 1992-ci il tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Keçidlər