Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində “Mədəni İrsin Rəqəmsal Gələcəyi” mövzusunda tədbir keçirilib

15 iyul 2026 | 15:46

Səbail Rayon İcra Hakimiyyətində 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Mədəni İrsin Rəqəmsal Gələcəyi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, Səbail Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, Səbail və Badamdar bələdiyyələrinin nümayəndələri, eləcə də “ASAN müraciət” ilə iş sektorunun əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən Kəmalə Həşimova ölkəmizdə rəqəmsal transformasiya sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edərək, cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” mövzusunda müşavirədə müəyyən edilmiş prioritetlərin dövlət idarəçiliyində rəqəmsallaşmanın sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etmişdir. O, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında rəqəmsal idarəetmənin təkmilləşdirilməsi, innovativ həllərin tətbiqi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində mühüm qərarların qəbul olunduğunu diqqətə çatdırmışdır.
RİHBA-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri Günay Əbdülrəhimova çıxışında tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasında rəqəmsal texnologiyaların əhəmiyyətindən danışmışdır. O qeyd etmişdir ki, tarixi abidələrin və memarlıq nümunələrinin rəqəmsallaşdırılması onların elektron bazasının yaradılmasına, 3D modellərinin hazırlanmasına, virtual təqdimatına və daha etibarlı şəkildə mühafizəsinə imkan yaradır. Bildirilmişdir ki, rəqəmsal həllərin tətbiqi mədəni irsin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə daha geniş tanıdılmasına və təbliğinə mühüm töhfə verir.
“ASAN müraciət” ilə iş sektorunun nümayəndəsi Vüsal Həsənov çıxışında “ASAN müraciət” informasiya sistemi vasitəsilə vətəndaş müraciətlərinin vahid elektron platformada idarə olunmasının üstünlüklərindən danışmış, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması, müraciətlərə operativ baxılması və vətəndaş məmnuniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara ətraflı məlumat vermişdir.
Tədbir çərçivəsində təqdimatlar və mövzuya həsr olunmuş videoçarx nümayiş etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.

Keçidlər