Məmmədağa Səfərovun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Səfərov Məmmədağa Balakişi oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Məmmədağa Səfərov oktyabrın 21-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Oktyabrın 21-də Səbail RİH başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Səfərov Məmmədağa Balakişi oğlunun II Fəxri Xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda II Fəxri Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhrəmanları general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin məzarları ziyarət olunmuş, məzarları üzərinə gül dəstələri düzülüb və xatirələri ehtiramla yad edilmişdir.
Şəhid Məmmədağa Səfərovun məzarı önündə çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə və müharibə əlillərinə göstərilən diqqət və qayğıdan danışmış, hər bir şəhid ailəsinin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını qeyd etmişdir.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.