Azərbaycan Milli Kitabxanasında “Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir” mövzusunda elmi konfrans keçirilib
Azərbaycan Milli Kitabxanasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir” mövzusunda elmi konfrans və “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı keçirilib. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, Milli Kitabxananın direktoru Kərim Tahirov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova və Milli Kitabxananın əməkdaşları iştirak etmişlər. Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ümummilli Liderə həsr olunmuş film nümayiş edilib. Tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı Milli Kitabxanaya bağışlamasından və bütövlükdə Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımlardan bəhs ediblər. Tədbirin davamında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən “Ümummilli Lider Heydər Əliyev” adlı elektron məlumat bazasının təqdimatı olub. Sonda tədbir iştirakçıları və qonaqlar Ulu Öndərə həsr edilmiş geniş kitab sərgisi ilə tanış olublar.