Səbaildə 15 iyun - Milli Qurtuluş Günü qeyd olundu
Səbail rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı və M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev və rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti və Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Tədbir zamanı çıxış edənlər müstəqil dövlətimizin qurtuluş tarixindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açaraq Ümummilli Liderin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğunu, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artmış, Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmişdir.
Sonra Səbail rayon Yeni Azərbaycan Partiyasının fəal üzvlərinə fəxri fərman və üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbirin bədii hissəsi xalq artistləri və əməkdar artistlərin ifası ilə davam etmişdir.






