Səbail Rayon İcra Hakimiyyətinin kollektivi Mir Cəlal Paşayevin ev-muzeyini ziyarət ediblər
Səbail Rayon İcra Hakimiyyəti və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə təşkilatçılığı Səbail Rayon İcra Hakimiyyətinin kollektivi görkəmli yazıçı, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ev-muzeyini – “Ədibin Evi” mədəniyyət ocağını ziyarət ediblər.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, RİHBA-nın sektor müdirləri Günay Əbdülrəhimova, Bəsirət Cəfərova və məsul əməkdaşlar iştirak ediblər.
Ziyarət zamanı vurğulanıb ki, tarixi məkanların bərpasına, ədəbi yaddaşın gələcək nəsillərə ötürülməsinə və milli-mənəvi dəyərlərin qorunmasına Ümummilli Lider Heydər Əliyev daima xüsusi diqqət yetirib. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə tarixi-mədəni irsin qorunması, bərpası və təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva çıxış edərək ev-muzeyi, görkəmli ədibin həyat və yaradıcılığı, həmçinin Azərbaycan ədəbiyyatına verdiyi əvəzsiz töhfələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, Mir Cəlal Paşayevin zəngin irsi Azərbaycan ədəbiyyatının mühüm səhifələrindən birini təşkil edir və onun xatirəsinin yaşadılması milli-mədəni dəyərlərimizin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda tədbir iştirakçılarına rəqəmsal formatda hazırlanmış Mir Cəlal Paşayevin hekayəsi təqdim olunub.






