Badamdar qəsəbəsində müharibə veteranları ilə görüş
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında Qarabağ və Vətən müharibəsi veteranları ilə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, bələdiyyə sədrləri və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi bildirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə bu kateqoriyadan olan insanların sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərin bunun bariz nümunəsi olduğunu qeyd etmişdir.
Görüşdə iştirak edən müharibə veteranları çıxış edərək şəhid ailələrinin və müharibə iştirakçılarının rifahı və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını ifadə edərək, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.