Səbail Rayon İcra Hakimiyyətində mülki müdafiə sahəsində kompleks yoxlamaların yekunlarına dair müşavirə keçirilmişdir
Azərbaycan Respublikasının 2026-cı il üçün mülki müdafiə tədbirlər planına və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin hazırlıq planına müvafiq olaraq, Səbail Rayon İcra Hakimiyyətində geniştərkibli müşavirə keçirilmişdir. Tədbir cari ilin 05-16 oktyabr tarixlərində rayonda aparılmış kompleks yoxlamaların yekunlarına həsr edilmişdir.
Müşavirədə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri Eldar Ağayev, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rəisinin müavini Nəcəf Novruzov, FHN-nin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Rəşad Quliyev, Rayon üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov, RİHBA-nın məsul şəxsləri, habelə rayon ərazisində fəaliyyət göstərən müxtəlif mülkiyyət formalı idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Eldar Ağayev rayonda fövqəladə halların qarşısının alınması və mülki müdafiə hazırlığının artırılmasının əhəmiyyətini vurğulayıb. O, əhalinin təhlükəsizliyinin təmin edilməsi və operativ cavab mexanizmlərinin qurulmasının rayon rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Eldar Ağayev aidiyyəti qurumların, mülki müdafiə dəstələrinin mütəmadi maarifləndirilməsinin, praktiki məşğələlərə cəlb edilməsinin və texniki bazanın gücləndirilməsinin vacibliyinə toxunaraq, qurumlararası koordinasiyanın maddi ziyanın və insan tələfatının minimuma endirilməsindəki həlledici rolunu diqqətə çatdırmışdır.
Daha sonra çıxış edən Nəcəf Novruzov həyata keçirilən kompleks yoxlamaların məqsədini açıqlayıb, rayonun mülki müdafiə sisteminin mövcud vəziyyəti, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə ümumi məlumat vermişdir.
Yoxlamanın nəticələrinə dair geniş hesabatla çıxış edən Rəşad Quliyev idarə və müəssisələrin fövqəladə hadisələrə hazırlıq səviyyəsini, şəxsi heyətin maarifləndirilməsini və maddi-texniki bazanı təhlil edib, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tövsiyələrini qeyd etmişdir.
Rayon miqyasında görülən praktiki işlər barədə məruzə edən Nazir Əkbərov daxil olan tapşırıqların icrası, yerli strukturların koordinasiyalı fəaliyyəti və yoxlama müddətində mülki müdafiə dəstələrinin nümayiş etdirdiyi hazırlıq barədə ətraflı məlumat vermişdir.
Müşavirənin yekununda, rayonda mülki müdafiə işinin səmərəliliyinin artırılması və fövqəladə hallara qarşı operativliyin təmin edilməsi məqsədilə aidiyyəti qurum və müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.






