Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilmişdir

11 iyun 2026 | 17:31

Səbail Rayon İcra Hakimiyyətində mülkiyyət hüququnun müdafiəsi sahəsində dövlət qulluqçularının nəzəri və praktiki biliklərinin artırılması, habelə milli və beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı məlumatlılığının gücləndirilməsi məqsədilə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyindəki Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Rayon İcra Hakimiyyətinin əməkdaşları üçün “Mülkiyyət hüququnun qorunması və Avropa Konvensiyası” mövzusunda təlim keçirilmişdir.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova çıxışında mülkiyyət hüququnun əsas insan hüquqlarından biri olduğunu qeyd edərək, bu sahədə hüquqi biliklərin artırılmasının və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Daha sonra İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev çıxış edərək bildirmişdir ki, mülkiyyət hüququ həm milli qanunvericilikdə, həm də insan hüquqlarına dair beynəlxalq sənədlərdə əsas hüquqlardan biri kimi təsbit olunub. O qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyası, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə və Avropa İnsan Hüquqları Konvensiyası mülkiyyət hüququnun müdafiəsi üçün mühüm hüquqi təminatlar müəyyən edir.
Təlim çərçivəsində İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Hamlet Babayev və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev mülkiyyət hüququnun milli və beynəlxalq hüquqda qorunması, onun müdafiə mexanizmləri, eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq presedent təcrübəsi barədə iştirakçılara ətraflı məlumat vermişlər. Həmçinin Avropa Məhkəməsinin mülkiyyət hüququ üzrə baxdığı işlər təhlil olunmuş, formalaşmış məhkəmə təcrübəsi və müdafiə mexanizmləri müzakirə edilmişdir.
Təlim zamanı iştirakçılarla hipotetik hüquqi vəziyyətlər üzrə praktiki müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

#İnsanHüquqlarıAylığı #HumanRightsMonth

Keçidlər