Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə müşavirə keçirilib
Səbail rayonunda qanunsuz tikinti və küçə ticarəti ilə mübarizə tədbirləri, məişət tullantılarının daşınması, infrastruktur layihələrinin icra olunması və nəzərdə tutulan yeni abadlıq-quruculuq işləri ilə əlaqədar müşavirə keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyi ilə keçirilən müşavirədə RİH başçısının birinci müavini Vüqar Şıxəmmədov, RİH başçısının müavini Kəmalə Həşimova, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədov, RİHBA-nın və SİƏD-lər üzrə nümayəndəliklərin məsul əməkdaşları və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirə zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov tərəfindən rayon ərazisinin sanitar vəziyyətinin daima təmiz saxlanılması, məişət tullantılarının vaxtında daşınması, sakinlərin narazılığına səbəb olan neqativ halların aradan qaldırılması, qeyri-qanuni tikinti işlərinin aparılmasına yol verilməməsi və küçə ticarətinin qarşısının alınması ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.