Səbaildə 28 may - Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib
Mayın 26-da Səbail Rayon İcra Hakimiyyətində Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva, RİHBA-nın məsul əməkdaşları iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Səbail RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova ilk olaraq tədbir iştirakçılarını qarşıdan gələn “28 May- Müstəqillik Günü” münasibətilə təbrik edərək qeyd etmişdir ki: “Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. 1991-ci il 18 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etmişdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etmişdir”.
Tədbirdə RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva çıxış edərək, qısa dövr ərzində Azərbaycanda demokratik hüquq və azadlıqların bərqərar olduğunu, Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildiyini, milli ordu və təhlükəsizlik strukturları qurulduğunu nəzərə çatdırmışdır: “Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Məhz müdrik Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimiz bu gün də qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir”.
Sonda tədbir iştirakçılarına Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilmişdir.