“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini – Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kəmalə Həşimova, aparatın əməkdaşları və könüllülər iştirak etmişlər.
Tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulmuş, daha sonra Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Kəmalə Həşimova Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin tarixi əhəmiyyətindən bəhs etmiş, müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamışdır. O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlətçilik ənənələrinin uğurla davam etdirildiyini qeyd etmiş, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin, milli-mənəvi dəyərlərə bağlılığının və dövlət idarəçiliyində fəal iştirakının əhəmiyyətinə toxunmuşdur.
İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Qabil Vahidov çıxışında dövlət müstəqilliyinin əhəmiyyətindən bəhs etmiş, gənclərin ictimai-siyasi həyatda fəal iştirakının, dövlətçilik ənənələrinə sadiqliyinin vacibliyini diqqətə çatdırmışdır.
Tədbir çərçivəsində könüllülərin iştirakı ilə müstəqilliyin bərpasının tarixi əhəmiyyəti, milli dövlətçilik ənənələri və gənclərin bu dəyərlərin qorunmasında rolu ilə bağlı müzakirələr aparılmışdır. Könüllülər mövzu ətrafında fikir mübadiləsində iştirak etmişlər. Qeyd olunmuşdur ki, Səbail Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinin davam etdirilməsi gənclərin dövlət orqanının fəaliyyət istiqamətləri və iş prinsipləri ilə tanışlığına, onların ictimai fəallığının artırılmasına və dövlətçilik dəyərlərinə bağlılığının gücləndirilməsinə xidmət edir.
Sonda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş film nümayiş etdirilmişdir.






