Nağıyev Əli Mehman oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Nağıyev Əli Mehman oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il ötür. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Əli Nağıyev Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Oktyabrın 22-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Nağıyev Əli Mehman oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur. Eyni zamanda canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin məzarları da ziyarət olunmuşdur.
Mərasim zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin əsas istiqamətinin şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil etdiyini qeyd etmişdir.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.