Səbaildə “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib
Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksində "Narkomaniya ümumbəşəri bəladır" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri Eldar Ağayev, Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımov, RİHBA-nın məsul əməkdaşları və 132-134 nömrəli Təhsil Kompleksinin müəllim və şagirdləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Eldar Ağayev narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşması və genefond üçün mühüm təhlükə olduğu üçün bu qəbildən olan tədbirlərin keçirilməsində məqsəd cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu diqqətə çatdıraraq, Səbail rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirildiyini və bu istiqamətdə RİH ilə birlikdə hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələrinin də geniş fəaliyyət göstərdiklərini qeyd etmişdir.
Daha sonra çıxış edən Səbail Rayon Polis İdarəsinin rəisi polis polkovniki Hikmət Qasımov orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması kimi geniş tədbirlərin keçirilməsi narkomaniya ilə mübarizə istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Sonda mövzu ətrafında tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.