Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Nicat Şükürlünün ailə üzvləri ziyarət olundu

25 iyul 2022 | 15:02

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Şükürlü Nicat  Ayaz oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə Səbail rayonu, Bayıl yaşayış sahəsində şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Nicat Şükürlünün əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə quraşdırılmış barelyefi ziyarət olunaraq xatirəsi ehtiramla anılmışdır.

Görüş zamanı RİH başçısı Vuqar Zeynalov çıxış edərək ölkəmizdə şəhidlərə və qazilərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıdan danışmış, şəhidlərimizin əziz xatirələrinin hər birimiz üçün müqəddəs olduğunu bildirərək qeyd etmişdir ki: “44 günlük Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi və 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad edildi. Biz bu qələbəni, bu xoşbəxtliyi, bu qüruru bizə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə və qəhrəman hərbçilərimizə borcluyuq”.

Şəhidin atası Ayaz Şükürlü dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.

Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Nicat Şükürlü 2020-ci ilin oktyabrın 12-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”,  “Xocavəndin azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Keçidlər