Nizami Kino Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində milli qürurumuzun təntənəsi olan 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişlər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə separatçı rejimin ləğv edilməsi, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnun tam bərpa edilməsi kimi tarixi missiyanın tam yerinə yetirildiyini diqqətə çatdırmışdır. RİH başçısı qeyd etmişdir ki, istər 44 günlük Vətən Müharibəsi, istərsə də 2020-ci ildən Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən böyükmiqyaslı quruculuq işləri, məcburi köşkünlərimizin ata-baba yurdlarına geri dönməsi, həyata keçirilən 23 saatlıq antiterror tədbirləri ölkəmizin hərtərəfli inkişafını təsdiq edən Zəfərdir.
Tədbir zamanı çıxış edənlər şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən bütün dövlət qurumları qarşısında bu insanların problemlərinin həlli bir nömrəli vəzifə kimi müəyyən edildiyini qeyd etmişlər.
Tədbirin davamında Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal olunmuş "Hadrut, sən azadsan!" sənədli filmi nümayiş olunmuşdur.