Səbaildə növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində tapşırıq və göstərişlərinə uyğun olaraq Səbail rayonu ərazisində bir sıra həyətlərdə abadlaşdırma işləri aparılmış, mövcud yaşıllıqlar bərpa edilmiş, yeni parklar və yaşıllıq zolaqları yaradılmış, gənclərin sağlam həyat tərzi, asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncə qurğuları yerləşdirilmiş, futbol meydançaları və idman alətlərindən ibarət kiçik meydançalar salınmışdır.
Görülən işlərin davamı olaraq “Bakı Abadlıq Xidməti” MMC və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Səbail rayonu, Badamdar qəsəbəsində növbəti abad həyət sakinlərin istifadəsinə verilmişdir. Yenilənmiş həyət Seyran Məmmədov küçəsi 1 və 6 ünvanlarında 430 nəfər sakinin yaşadığı çoxmənzilli yaşayış binalarını əhatə edir.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü futbol meydançası, basketbol meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb, 1500 kv.metr sahədə yeni tamet örtüyü döşənib, eyni zamanda, ərazidə 2 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 30 ədəd ağac və müxtəlif növ gül kollar əkilib və 500 kv.metr sahədə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları və yanğın hidrantları quraşdırılıb.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işlərini böyük razılıq hissi ilə qarşılayan rayon sakinləri görülən işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.