Şriftin ölçüsü :

Saytın rəngi :

Ombudsman Aparatında uşaq hüquqları ilə bağlı təlim təşkil edilib

30 aprel 2024 | 15:45

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2024-cü il üzrə təsdiq olunmuş insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqində səmərəliliyin artırılması ilə bağlı maarifləndirməyə dair tədbirlər planı çərçivəsində Ombudsman Aparatında təlim keçirilmişdir.
“Uşaq hüquqlarının müdafiəsi: dövlət orqanlarının vəzifələri və müstəqil monitorinq mexanizmi” mövzusunda təşkil olunan tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail RİHBA-nın məsul əməkdaşları, rayon polis idarəsinin nümayəndələri, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin əməkdaşları, həmçinin uşaq hüquqlarının müdafiəsi üzrə işləyən təhsil, tibb işçiləri və sosial xidmət sahəsində fəaliyyət göstərən şəxslər iştirak etmişlər.
Məruzələrdə uşaq hüquqlarının müdafiəsinə dair mövcud beynəlxalq hüquq normaları və milli qanunvericilik aktları, Ombudsmanın bu sahədə həyata keçirdiyi fəaliyyəti, eləcə də institusional sistem və müdafiə mexanizmləri, dövlət qurumlarının və uşaqlarla işləyən şəxslərin vəzifələri barədə məlumat verilib. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə Ombudsmana verilmiş yeni səlahiyyətlər, uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud problemlər və Müvəkkilin bu istiqamətdə təklif və tövsiyələrindən bəhs olunub. Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər