Səbail rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Sentyabrın 7-də Səbail Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədovun sədrliyi ilə keçirilən tədbirdə RİHBA-nın məsul əməkdaşları, Səbail rayonu üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları və bələdiyyə sədrləri iştirak etmişlər.
RİH başçısının birinci müavini Vüqar Şixəmmədov tədbiri giriş sözü ilə açaraq Bakı Şəhər İcra Hakimiyyəti başçısının payız-qış mövsümünə hazırlıqla bağlı 15 avqust 2022-cil tarixli, 189 nömrəli Sərəncamının icrası ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti başçısının tapşırığı əsasında xüsusi Qərargah yaradıldığını, eyni zamanda, rayonun idarə və müəssisələrdə, kommunal xidmət sahələrində mövsümə hazırlıqla bağlı Tədbirlər planının hazırlandığını bildirmiş, 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir.
Tədbirdə payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonunun küçə, prospekt, qəsəbələrarası və məhəllədaxili yollarının qardan təmizlənməsinə cəlb olunacaq texnikalar barədə və rayonun mərkəzi küçə, prospekt və məhəllədaxili yollarında səkilərin qardan təmizlənməsi işinin təşkili ilə bağlı məlumatlar verilmişdir. Eyni zamanda, kommunal xidmət sahələrinin rəhbərlərinə istilik qazanxanalarının, yaşayış binalarının, təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlərin enerji daşıyıcıları və su ilə fasiləsiz təchiz olunmasının təmin edilməsi, havaların sərt keçməsi zamanı baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması məqsədi ilə mütəxəssislərdən ibarət 24 saat fəaliyyət göstərən qəza briqadalarının yaradılması, kanalizasiya şəbəkələrinin, baxış quyularının və yağış barmaqlıqlarının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi, payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq etdikləri tədbirlər planlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi tapşırılmışdır.
Tədbirdə çıxış edən Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həsənov, Səbail rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov, Səbail Rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Böyükağa Qasımov, Səbail rayon İstilik Sistemləri İstismar Sahəsinin rəisi Azər Əsədov və Azəriqaz İB Bakı Regional Qaz İstismar Departamentinin Mərkəzi Rayonlar üzrə Texniki İstismar Xidmətinin rəisi Rauf Qasımov çıxış edərək 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığın yekunu ilə əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barəsində məlumatlar vermişlər.
Sonda 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı mövcud vəziyyətin mütamadi olaraq təhlil edilməsi, rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün operativ işlərin aparılması və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilmişdir.