Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

02 dekabr 2024 | 15:25

Dekabrın 2-də Səbail Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Dövlət müəssisələri, idarələr və təşkilatlar tərəfindən 2024-2025-ci illəri əhatə edən payız-qış mövsümünə hazırlıq işlərinin təşkil və təmin edilməsi haqqında” 145 nömrəli, 19.08.2024-cü il tarixli Sərəncamına əsasən payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilmişdir.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şıxəmmədov, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri Ayaz Hüseynov və Anar Tağıyev, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, bələdiyyə sərdləri, rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və SİƏD üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bakı Şəhər İcra Hakimiyyəti başçısının payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq Sərəncamların icrası, eyni zamanda qış mövsümünə hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının keçirdiyi müşavirədə verilən tapşırıqlar ilə əlaqədar rayon ərazisində xüsusi Qərargah yaradıldığını, eyni zamanda, rayonun idarə və müəssisələrdə, kommunal xidmət sahələrində mövsümə hazırlıqla bağlı Tədbirlər planının təstid olunduğunu bildirmiş və 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.

Tədbir zamanı Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri Ayaz Hüseynov və Anar Tağıyev, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq bütün təsərrüfat obyektlərində, eyni zamanda elm, təhsil və səhiyyə müəssisələrində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi, yarana biləcək çatışmazlıqların aradan qaldırılması üçün operativ işlərin aparılması və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyyə və tapşırıqları diqqətə çatdırmışlar.

Tədbirdə payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonunun küçə, prospekt, qəsəbələrarası və məhəllədaxili yollarının qardan təmizlənməsinə cəlb olunacaq texnikalar barədə və rayonun mərkəzi küçə, prospekt və məhəllədaxili yollarında səkilərin qardan təmizlənməsi işinin təşkili, eləcə də yaşayış binalarında istilik sistemlərinin payız-qış mövsümünə hazırlıq səviyyəsinin araşdırılması və texniki vəziyyətinin aidiyyəti təşkilatlarla birlikdə işlək vəziyyətə gətirilməsi, rayonun küçə və prospektlərində yağış barmaqlıqlarının tutulmasına səbəb olan tullantıların qarşısını almaq məqsədilə müvafiq tədbirlərin yerinə yetirilməsinin təmin edilməsi, yağış barmaqlıqlarının su götürmə vəziyyətinin təhlil olunması, su toplanmasına səbəb olan amillərin aradan qaldırılması üçün aidiyyəti təşkilatlar qarşısında məsələnin qaldırılması və nəzarətə götürülməsi barədə müvafiq tapşırıqlar verilmişdir.

Müşavirənin sonunda rayon təsərrüfatının 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmış, bir sıra məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər