Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib

21 noyabr 2022 | 16:11

Noyabrın 21-də Səbail Rayon İcra Hakimiyyətində 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, Səbail rayonu üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, SİƏD üzrə nümayəndəliklərin əməkdaşları və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Bakı Şəhər İcra Hakimiyyəti başçısının payız-qış mövsümünə hazırlıqla bağlı 15 avqust 2022-cil tarixli, 189 nömrəli və 3 noyabr 2022-ci il tarixli, 239 nömrəli Sərəncamların icrası, eyni zamanda qış mövsümünə hazırlıqla əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 2022-ci il tarixində keçirdiyi müşavirədə verilən tapşırıqlar ilə əlaqədar rayon ərazisində xüsusi Qərargah yaradıldığını, eyni zamanda, rayonun idarə və müəssisələrdə, kommunal xidmət sahələrində mövsümə hazırlıqla bağlı Tədbirlər planının hazırlandığını bildirmiş, 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında məlumat vermişdir.
Tədbir zamanı Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri - Anar Tağıyev, Ayaz Hüseynov, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev çıxış edərək şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq bütün təsərrüfat obyektlərində, eyni zamanda elm, təhsil və səhiyyə müəssisələrində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin görülməsi, yarana biləcək çatışmazlıqların aradan qaldırılması üçün operativ işlərin aparılması və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyyə və tapşırıqları diqqətə çatdırmışlar.
Tədbirdə payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonunun küçə, prospekt, qəsəbələrarası və məhəllədaxili yollarının qardan təmizlənməsinə cəlb olunacaq texnikalar barədə və rayonun mərkəzi küçə, prospekt və məhəllədaxili yollarında səkilərin qardan təmizlənməsi işinin təşkili ilə bağlı məlumatlar verilmişdir. Eyni zamanda, kommunal xidmət sahələrinin rəhbərlərinə istilik qazanxanalarının, yaşayış binalarının, təhsil, səhiyyə, mədəniyyət və digər sosial yönümlü obyektlərin enerji daşıyıcıları və su ilə fasiləsiz təchiz olunmasının təmin edilməsi, havaların sərt keçməsi zamanı baş verə biləcək qəzaların vaxtında aradan qaldırılması məqsədi ilə mütəxəssislərdən ibarət 24 saat fəaliyyət göstərən qəza briqadalarının yaradılması, kanalizasiya şəbəkələrinin, baxış quyularının və yağış barmaqlıqlarının işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi, payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq etdikləri tədbirlər planlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi tapşırılmışdır.
Müşavirənin sonunda rayon təsərrüfatının 2022-2023-cu ilin payız-qış mövsümünə hazırlığın yekununun vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmış, bir sıra məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər