Paytaxt meriyasının layihəsinə Səbail rayonu da qoşuldu
İlk olaraq Nərimanov rayonunda başlanan bu layihəyə daha sonra Nizami, Nəsimi və Yasamal rayonları da qoşulub. Artıq Səbail rayonunda hazırlıq işlərinə start verilib. İlk növbədə rayon ərazisində 277 ədəd konteyner meydançası yaradılıb ki, bu meydançalara yaşıl və narıncı rənglərdə yeni, müasir konteynerlər quraşdırılacaq. Əraziyə cavabdehlər təyin olunub. Xarici mütəxəssislərin hazırladıqları layihədə sakinlərlə maarifləndirmə-izahetmə işlərinə böyük yer ayrılıb. Bununla əlaqədar Səbail rayonunun bütün məhəllə və həyətlərində sakinlərlə maarifləndirici-izahedici görüşlərin keçirilməsinə başlanılıb. Bu işlərə Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri, gənclər və könüllülər cəlb edilib. Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verirlər.
Məlumat üçün bildiririk ki, layihənin həyata keçirilməsi üçün ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı 57 ədəd yeni avtonəqliyyat vasitələri və mexanizmləri alınaraq kommunal xidmətlərin istifadəsinə verilib və bu prosses davam edir.
Layihənin uğurla həyata keçirilməsi Bakı şəhərinin təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edəcək.