Şriftin ölçüsü :

Saytın rəngi :

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən təltif edilən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə ordenləri təqdim olundu

17 yanvar 2023 | 15:51

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” 5 noyabr 2022-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar təltif edilmiş Vətən müharibəsi şəhidlərinin müvafiq orden və vəsiqələrinin ailə üzvlərinə təqdim edilməsi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin rəisi Faiq İsmayılov, RİHBA-nın məsul əməkdaşları və şəhidlərin ailə üzvləri iştirak etmişlər.

Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad ediməsi ilə başlanılmışdır.

Tədbir zamanı ölkəmizdə şəhidlərin daim hörmət və ehtiramla yad edildiyini və onların gələcək nəsillərə örnək olduğunu vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov çıxış edərək tarixi qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini bildirərək, belə vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid ailələrinə minnətdarlığını bildirmişdir. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını diqqətə çatdıran RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq şəhid ailələrinin bundan sonra da daimi diqqət və qayğı ilə əhatə olunacaqlarını qeyd etmişdir.

Tədbirdə şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim diqqət və qayğı ilə yanaşan Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.

Sonda  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən təltif edilən şəhidlərimizin ordenləri ailə üzvlərinə təqdim olunmuşdur.

Keçidlər