Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin üzvləri ilə görüş keçirildi

08 iyul 2022 | 16:06

Səbail Rayon İcra Hakimiyyətində “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Bakı şəhər Səbail rayon filialının üzvləri ilə Qurban bayramı ərəfəsində RİH başçısı Vuqar Zeynalov görüş keçirmişdir. Görüşdə Səbail RİH başçısı ilə yanaşı, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, Qarabağ müharibəsi əlilləri və veteranları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə silahlı qüvvələrimiz, müzəffər ordumuz Qarabağda tarixi qələbə qazandı. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olundu. Azərbaycan dövləti hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşır. Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görülür. Bir sözlə bu kateqoriyadan olan vətəndaşlarımız bundan sonra da dövlətimizin qayğısını hiss edəcəklər”.

Daha sonra “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Bakı şəhər Səbail rayon filialının sədri Səyavuş Aslanov və digər veteranlar çıxış edərək, dövlətin onlara yaratdığı şərait, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək, hər zaman ölkə başçısının yanında olduqlarını qeyd etmişlər.

Görüşün sonunda müharibə veteranları ilə Ümummilli lider Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirilmiş və onlara bayram sovqatları təqdim edilmişdir.

Keçidlər