Səbail rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilmişdir
Səbail rayon ümumtəhsil məktəblərində bu il ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilmişdir. Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov uğur qazanmış gəncləri, təhsil ictimaiyyətini və valideynləri təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafına yönəlmiş böyük diqqət və qayğı sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi Səbail rayonunda da təhsilin səviyyəsinin günü-gündən artmaqda olduğunu bildirmiş, Ölkə başçısının imzaladığı Sərəncamlar və Dövlət Proqramlarına əsasən rayon ərazisində orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyətinin əsaslı təmir olunduğunu, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirildiyini, təhsil işçilərinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd etmişdir.
Daha sonra çıxış edən məktəb direktorları hazırda bütün sahələrdə olduğu kimi təhsil sahəsindədə islahatlar və böyük quruculuq işləri aparıldığını vurğulamışlar. Qeyd olunmuşdur ki, işğaldan azad edilən bölgələrimizdə təhsil infrastrukturu müvəffəqiyyətlə qurulur, "ağıllı kənd" pilot layihəsi çərçivəsində müasir təhsil müəssisələrinin sürətli tikintisi aparılır. Çox tezliklə Ölkə başçısı cənab İlham Əliyevin Qarabağda təməllərini qoyduğu bütün məktəblərdə qaynar təhsil mühitinə start veriləcək və burada oxuyan Azərbaycan övladları elm və bilikləri ilə dünyaya səs salacaqlar. Bu da onu göstərir ki, Azərbaycan təhsili hərtərəfli qayğı ilə əhatə olunmuşdur.
Sonda 600-dən yüksək bal toplamış məzunlar Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, onlarla xatirə şəkli çəkdirilmişdir.