Şriftin ölçüsü :

Saytın rəngi :

Səbail rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla görüş keçirilmişdir

16 sentyabr 2025 | 14:17

“Konstitusiya və Suverenlik İli” çərçivəsində rayonun ümumtəhsil məktəblərində bu il ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla Səbail Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavini Kəmalə Həşimova, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Leyli Mirzəyeva və şöbənin əməkdaşları, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Səbail rayonu üzrə gənclər və idman sektorunun müdiri Zamin Əhmədov, ümumtəhsil məktəblərinin məzunları iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov uğur qazanmış gəncləri təbrik edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafına yönəlmiş böyük diqqət və qayğı sayəsində respublikamızın hər bir bölgəsində olduğu kimi Səbail rayonunda da təhsilin səviyyəsinin günü-gündən artmaqda olduğunu bildirmiş, Ölkə başçısının imzaladığı Sərəncamlar və Dövlət Proqramlarına əsasən rayon ərazisində orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyətinin əsaslı təmir olunduğunu, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirildiyini, təhsil işçilərinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını qeyd etmişdir.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova hazırda bütün sahələrdə olduğu kimi təhsil sahəsində də aparılan islahatlar və böyük quruculuq işləri nəticəsində hər il rayonda yüksək nəticə göstərən abituriyentlərin sayının artmasının sevindirici hal olduğunu bildirmişdir.
Yüksək nəticə göstərən məzunlar yaradılan imkanlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmiş, Azərbaycanın daha da güclənməsi və tərəqqisi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəklərini əminliklə ifadə etmişlər.
Sonda yüksək bal toplamış məzunlar Səbail Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, onlarla xatirə şəkli çəkdirilmişdir.

Keçidlər