Qənbərov Bilal Xanlar oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olundu
Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qənbərov Bilal Xanlar oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən iki il keçir. Müharibənin ilk günlərindən döyüşə atılan Bilal Qənbərov 2020-ci il noyabrın 4-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Noyabrın 4-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhid Qənbərov Bilal Xanlar oğlunun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.
Mərasim zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov ölkə rəhbərliyinin tapşırığı ilə vətən uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarına böyük diqqət və qayğı göstərildiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə dövlət tərəfindən ardıcıl olaraq bu kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildiyini bildirmişdir.
Şəhidin ailə üzvləri şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.