Rayon İcra Hakimiyyətinin başçısı 20-ci sahə yaşayış massivi, Y.Bədəlov küçəsində sakinlərlə səyyar qəbul keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov 20-ci sahə yaşayış massivində, Y.Bədəlov küçəsində sakinlərlə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı çıxış edən RİH başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat vermişdir.
Görüşdə sakinlər yeni asfalt örtüyünün çəkilməsi, fərdi yaşayış evlərinin təmir olunması, kanalizasiya xətlərinin yenilənməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.