Səbail Rayon İcra Hakimiyyətində rəqəmsal inkişafa dair növbəti müşavirə keçirilib
Səbail Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrasına dair müşavirə keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun sədrliyilə keçirilən iclasda, RİH başçısının müavinləri Eldar Ağayev və Kəmalə Həşimova, RİHBA-nın şöbə müdirlərinin müavinləri - sektor müdirləri və məsul əməkdaşları iştirak etmişlər.
Müşavirədə dövlət idarəçiliyində operativliyin və şəffaflığın artırılması, xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi əsas prioritetlər kimi qeyd edilmişdir. Bu çərçivədə rəqəmsal dövlət xidmətlərinin “bir pəncərə” prinsipi əsasında “MyGov” və “MyGov Biznes” platformaları vasitəsilə təqdim olunması, həmçinin qurumlararası elektron məlumat mübadiləsinin genişləndirilməsi diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda yerli icra hakimiyyəti orqanlarının xidmətlərinin “MyGov” platformasına inteqrasiyası məqsədilə 4 prioritet istiqamətin müəyyən edildiyi və bu pilot layihənin icrasına ilk olaraq Səbail Rayon İcra Hakimiyyətində başlanıldığı vurğulanmışdır.






