“Rəşadət” ordenli şəhid mayor İlkin Əhədzadənin ailə üzvləri ziyarət olundu
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi mayor Əhədzadə İlkin Qələmşah oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci bağlar, ev 56 ünvanında şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında “Rəşadət” ordenli şəhid mayor İlkin Əhədzadənin barelyefi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.
Görüşdə Səbail RİH başçısı Vuqar Zeynalov bildirmişdir ki: “Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə silahlı qüvvələrimiz, müzəffər ordumuz Qarabağda tarixi qələbə qazandı. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün işğaldan azad olundu. Azərbaycan dövləti hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşır. Azərbaycan Respublikasınının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Səbail rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupu lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə operativ tədbirlər görülür”.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulamışlar.
Qeyd edək ki, mayor Əhədzadə İlkin Qələmşah oğlu nümunəvi xidmətinə görə bir çox medallarla, o cümlədən III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Vətən müharibəsində Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İlkin Əhədzadə döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.