“Rəşadət” ordenli şəhid mayor İlkin Əhədzadənin doğum günü münasibətilə II Fəxri Xiyabandakı məzarı ziyarət edildi
Səbail RİH başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidlərin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən mayor Əhədzadə İlkin Qələmşah oğlunun doğum günü münasibətilə II Fəxri Xiyabandakı məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Tədbir zamanı çıxış edən Səbail RİH başçısı Vuqar Zeynalov qeyd etmişdir ki: “Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. Döyüş meydanında Azərbaycan Ordusunun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq”.
Şəhidin ailə üzvləri hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, şəhid mayor Əhəhzadə İlkin Qələmşah oğlu 26 iyun 1985-ci ildə Səbail rayonunda doğulmuş, 1992-2000-ci illər ərzində 51 saylı tam orta məktəbdə, 2000-2003-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə və 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə təhsil almışdır. İlkin Əhədzadə nümunəvi xidmətinə görə bir çox medallarla, o cümlədən III dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Vətən müharibəsi zamanı 35 yaşında döyüşlərə qatılan şəhid ailəli və 3 övlad atası idi. Müharibənin ilk günlərindən döyüşə atılan Əhəhzadə İlkin Qələmşah oğlu Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə düşmən mərmisinə tuş gələrək oktyabrın 1-də şəhidlik zirvəsinə ucalmışdır. Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli "Rəşadət” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.