Rayon İcra Hakimiyyətinin başçısı 20-ci sahə yaşayış massivində yeni asfalt örtüyü çəkilmiş küçəyə baxış keçirmiş, sakinlərin müraciətlərini dinləmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Səbail rayonunda sakinlərin rahat yaşayışını təmin edilməsi, eyni zamanda vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması məqsədilə aparılan abadlıq və quruculuq işləri davam etdirilir.
Aparılan işlər çərçivəsində sakinlər tərəfindən edilən müraciətlər əsasında Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20-ci sahə yaşayış massivi, Arif İsmayılov küçəsi, dalan 1 ünvanında yeni asfalt örtüyünün çəkilməsi işləri aparılmışdır. Belə ki, 12000 nəfərdən çox sakinin yaşadığı sözügedən ünvanda uzunluğu 1300 metr, eni isə 5 metr təşkil edən yola yeni asfalt örtüyü çəkilmişdir.
Yeni asfalt örtüyü çəkilmiş ərazilərə baxış keçirən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov qeyd olunan ünvanda daha 800 metr uzunluğunda yola asfalt örtüyünün çəkilməsi ilə bağlı tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir. Qeyd edək ki, rayon ərazisində yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı görülən işlər mərhələli şəkildə davam etdirilir.
Sakinlər rayon ərazisində aparılan abadlıq və quruculuq işləri çərçivəsində vətandaşlar üçün təhlükəsiz, rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.