Rayon İcra Hakimiyyətinin başçısı Badamdar qəsəbəsində sakinlərlə görüş keçirmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması, vətəndaş məmnunluğunun artırılması ilə əlaqədar tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlərin sabitliyin daha da möhkəmlənməsinə, ölkəmizin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verdiyini bildirərək vətəndaşların sosial müdafiəsinin təmin edilməsinin müstəqil Azərbaycan dövlətinin ən əsas strateji vəzifələrindən biri olduğunu qeyd etmişdir.
Görüşdə sakinlərlə mövcud problemlər, təkliflər, görülməli olacaq işlər haqqında geniş fikir mübadiləsi aparılmışdır. Sakinlərin dəyərli fikir və təkliflərini daim dinləməyə hazır olduğunu bildirən RİH başçısı onları narahat edən müxtəlif məsələlərlə əlaqədar problemləri dinləmiş, onların rəy və təkliflərini nəzərə alaraq qaldırılan məsələlərin tez bir zamanda həll olunması üçün aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Sakinlər Səbail rayonunda, o cümlədən Badamdar qəsəbəsində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.