Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı “Azərbaycan Bayrağı” ordenli şəhid Bakir Quliyevin ailə üzvlərini ziyarət etdi

13 aprel 2023 | 16:14

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİHB-nın müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHBA-nın məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri şəhid Quliyev Bakir Əliqulu oğlunun ailə üzvlərini ziyarət etmişlər.

İlk öncə Badamdar qəsəbəsi, 329 nömrəli tam orta məktəbdə şəhidin xatirə lövhəsinin önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla anılmışdır.

Tədbir zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən olduğunu qeyd etmişdir.

Şəhidin ailə üzvləri şəhidin xatirəsinin əziz tutulmasından məmnunluğunu ifadə etmiş, aparılan yüksək işlərə görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, Bakir Quliyevin 1990-cı ildə könüllü olaraq ordu sıralarına yazılmış, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. 1992-ci ilin sentyabr ayında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda verilən tapşırıqları ləyaqətli və vicdanla yerinə yetirdiyinə görə ulu öndər Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli Sərəncamına əsasən Quliyev Bakir Əliqulu oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

Keçidlər