Rayon İcra Hakimiyyətinin başçısı şəhid Əli Nağıyevin qardaşının toy məclisində iştirak etmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi şəhidi Nağıyev Əli Mehman oğlunun qardaşının toy məclisində iştirak etmişdir. Mərasimdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın şöbə müdirləri və şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Şəhid qardaşını ailə qurması münasibətilə təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov yeni qurulan ailəyə həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayaraq ölkəmizdə şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin operativ həll olunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ciddi, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini, şəhidlərə, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini qeyd etmişdir.
Şəhidin valideynləri şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Əli Nağıyev Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.