Rayon İcra Hakimiyyətinin başçısı şəhid Əli Tağıyevin ailə üzvlərini ziyarət etdi
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri və RİHBA-nın məsul əməkdaşları Vətən müharibəsi şəhidi Tağıyev Əli Aydın oğlunun ailə üzvlərini ziyarət etmişlər. İlk öncə şəhidin ailə üzvlərinin yaşadığı fərdi yaşayış evinin qarşısında Əli Tağıyevin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə quraşdırılmış barelyefi ziyarət olunaraq xatirəsi ehtiramla anılmışdır.
Görüş zamanı şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərildiyini bildirərək bu kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətlərindən olduğunu bildirmişdir.
Şəhidin atası Aydın Tağıyev dövlətin onlara yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Əli Tağıyev oktyabrın 13-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra "Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.