Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Bayıl yaşayış massivində sakinlərlə səyyar görüş keçirilib
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun 20-ci sahə yaşayış massivində yerləşən “Fəhlə əlləri” parkında sakinlərlə səyyar görüş-qəbulu keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizin bütün bölgələrində, o cümlədən, Səbail rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd etmişdir.
Görüşdə sakinlər su və kanalizasiya xətlərinin yenilənməsi, yeni asfalt örtüyünün çəkilməsi, həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, işlə təminat və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.