Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi iştirakçıları ilə görüş keçirmişdir
Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Aydınov Orxan Xəqani oğlu və şöbənin böyük məsləhətçisi Quliyev Nicat Əliyar oğlu ilə görüş keçirmişdir.
Görüş zamanı Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən bəhs edilmiş, ərazi bütövlüyümüz uğrunda canlarından keçən igid oğulların əziz xatirələrinin heç bir zaman unudulmayacağı vurğulanmışdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən RİHBA-nın şöbə müdiri Aydınov Orxan Xəqani oğlu “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, şöbənin böyük məsləhətçisi Quliyev Nicat Əliyar oğlu isə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişlər.
Hər iki əməkdaş Vətən müharibəsində möhtəşəm Zəfərimizin qazanılmasına öz töhfəsini vermişlər. Qələbəmizin qəhrəmanları ilə qürur duyuruq!