Rayon İcra Hakimiyyətinin başçısı yaralı əsgər Namiq Zöhrabovun ailə üzvlərini ziyarət edib
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail bələdiyyəsinin sədri Hacı Əliyev və RİHBA-nın məsul əməkdaşları Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı yaralanmış baş leytenant Zöhrabov Namiq Əskər oğlunun ailə üzvlərini ziyarət etmişlər.
Ziyarət zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərişi ilə şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin ailələrinin diqqət və qayğı ilə əhatə olunduğunu, yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün köməklik göstərildiyini diqqətə çatdırmışdır. Azərbaycan Respublikasının ərazisi daxilində qanunsuz olaraq yerləşdirilmiş Ermənistanın separatçı hərbi birləşmələrinin Azərbaycan Ordusu tərəfindən Qarabağdan çıxarılmasının ölkəmizdə sabitliyin və gələcək inkişafın təmin edilməsi üçün atılmış zəruri addım olduğunu bildirən RİH başçısı Vuqar Zeynalov Qarabağda uğurla başa çatdırılmış aniterror əməliyyatının regiona və dünyaya yeni reallıqların gətirilməsinə yol açdığını qeyd etmişdir.
RİH başçısı Vuqar Zeynalov hərbi qulluqçumuzun ailə üzvlərinin qayğıları ilə maraqlanmış, onları narahat edən məsələlərin həll edilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar vermişdir.
Baş leytenant Namiq Zöhrabovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.