Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə növbəti müşavirə keçirilmişdir
Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalovun sədrliyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Rayon İcra Hakimiyyətinin Tədbirlər planının icra vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti müşavirə keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, RİHBA-nın məsul əməkdaşları, SİƏD-lər üzrə nümayəndələr, bələdiyyə sədrləri və rayon üzrə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə keçirilən mötəbər tədbirlər ərəfəsində Səbail rayonunda şənbə və bazar günləri də daxil olmaqla xidmətlərin dayanıqlı, fasiləsiz fəaliyyətinin təmin edilməsi, rayon ərazisində nəzarətin gücləndirilməsi və qarşıda duran vəzifələrin yüksək səviyyədə icra edilməsi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir. Keçirilən mötəbər tədbirlər zamanı kommunal xidmətlərin, o cümlədən elektrik, qaz, su, yol infrastrukturunun və digər qurumların ciddi əlaqələndirilmiş şəkildə dayanıqlı, fasiləsiz fəaliyyəti və ərazinin sanitar təmizliyinin daim diqqətdə saxlanılması bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Bununla yanaşı, müşavirə zamanı qanunsuz tikinti işlərinin qarşısının alınması, vətəndaşların mənafeyinin qorunması, dövlət qulluqçularının məsuliyyətinin artırılması, sakinlərlə keçirilən səyyar görüşlər zamanı qaldırılan məsələlərin operativ həll olunması və vətəndaş müraciətlərinin vaxtında cavablandırılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilmişdir.