Səbail Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə müşavirə keçirib
Dekabrın 1-də Səbail Rayon İcra Hakimiyyətində “Səbail rayonunda 2023-cü ildə Mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirilib. Müşavirədə Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vüqar Şixəmmədov, FHN Bakı Regional Mərkəzinin rəisi, general-mayor Məhərrəm Həsənov, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonun təsərrüfat və digər xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatları və digər aidiyyəti obyektlərin rəhbərləri iştirak etmişlər.
Tədbir zamanı çıxış edənlər mülki müdafiə işinin təşkili, eləcə də yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində təşkil olunan tədbirlərin əhəmiyyətini və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasının vacib olduğunu vurğulamışlar.
Tədbirin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılmasından ibarət olmuşdur.
Sonda rayon ərazisində mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.