Səbail Rayon İcra Hakimiyyətində “Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar dəyirmi masa keçirilib
Fevralın 9-da Səbail Rayon İcra Hakimiyyətində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Səbail Rayon İcra Hakimiyyətinin başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə yerli monitorinq qrupunun üzvləri, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, bələdiyyə sədrləri və bələdiyyələrin nəzdində yaradılmış “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiya”ların sədrləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova çıxış edərək gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizmi olaraq yerli monitorinq qrupları yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyası daşıdığını bildirmişdir. Qeyd olunmuşdur ki, məişət zorakılığı hallarının qarşısının alınması dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir.
Tədbir zamanı Fəaliyyət Planına əsasən Komissiyalar tərəfindən 2022-ci il ərzində görülmüş işlər barədə hesabatlar təqdim edilmiş, Komissiyaların fəaliyyətinin artırılması məqsədilə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi, əlaqədar qurumlarla birgə rayon üzrə risk qrupuna daxil olan ailələrlə fərdi qaydada iş aparılması və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində təkliflər dinlənilmiş və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Sonda komissiyanın icraatında olan bir sıra məsələlər müzakirə edilərək yekun qərarlar qəbul olunmuşdur.