Rayon İcra Hakimiyyətinin başçısı Badamdar qəsəbəsində səyyar qəbul keçirmişdir
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalovun Badamdar qəsəbəsi, N.Paşayev küçəsi 4 ünvanında yerləşən 236 nömrəli tam orta məktəbdə sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.
Səyyar qəbulda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişləri ilə ölkəmizdə, o cümlədən Səbail rayonunda sosial - iqtisadi inkişaf sahəsində aparılan işlər barədə sakinlərə geniş məlumat vermişdir.
Görüşdə sakinlər məhəllədaxili yollara yeni asfalt örtüyünün salınması, yeni işıq dirəklərinin quraşdırılması, kanalizasiya, su və qaz xətlərinin dəyişdirilməsi və digər sosial problemlərlə bağlı müraciət etmişlər.
RİH başçısı Vuqar Zeynalov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.