Sakinlərin müraciətlərinin operativ həlli ilə bağlı Səbail rayonunda silsilə vətəndaş qəbulları keçirilir
2-6 iyun tarixlərində nümayəndəliklər, bələdiyyələr və MİS rəhbərləri tərəfindən Səbail rayonu ərazisində müxtəlif ünvanlarda qəbullar keçirilərək vətəndaşların müraciətləri dinlənilmişdir. Görüşlərdə eyni zamanda RİHBA-nın məsul işçiləri və rayonun idarə, müəssisə, xidmət sahələrinin əməkdaşları iştirak etmişlər.
1 saylı SİƏD ərazisində Z.Tağıyev küçəsi 1, Xəqani küçəsi 19/13 və M.F.Axundov adına parkda, 2 saylı SİƏD ərazisində Ə.Nəzmi küçəsində, Bibiheybət qəsəbəsi, Məktəb meydanı küçəsində, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi 21 və T.Məmmədov küçəsi 22 ünvanlarında keçirilən qəbullarda ümumilikdə 63 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Qəbullar zamanı bir sıra müraciətlər yerindəcə cavablandırılmış, qaldırılan bəzi məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görülmüş, həlli araşdırma tələb edən məsələlərlə bağlı müraciətlər qeydə alınaraq aidiyyəti üzrə yönləndirilmişdir.
Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Məlumat üçün bildiririk ki, hər həftə rayon ərazisində yerləşən müxtəlif ünvanlarda nümayəndəliklər, bələdiyyələr və MİS rəhbərləri tərəfindən qəbullar təşkil olunacaqdır. Şikayət, ərizə və təklifləri olan sakinləri bu görüşlərdə iştirak etməyə dəvət edirik.